Author: zarkend

  • İbrahimov Xəqani

    İbrahimov Xəqani

    İbrahimov Xəqani Sultanəli oğlu 22 fevral 1968-ci ildə Göyçə rayonunun Zərkənd kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1984-cü ildə sovet ordusunda xidmət etmiş və 1987-ci ildə hərbi xidmətdən qayıtmış və ailəsi ilə birlikdə  məlum hadisələrlə əlaqədar olaraq Göyçə mahalından Gəncə şəhərinə köçmüşlər. Xəqani İbrahimov 1989-cu ildə ailə həyatı qurmuş və Jalə adlı bir qız övladı dünyaya gəlmişdir. O, ilk əmək fəaliyyətinə Gəncə şəhəri Xalça kombinatında elektrik quraşdırıcısı kimi başlamışdır. O, 1991-ci ildə könüllü olaraq silaha sarılaraq vətənin keşiyinə yollanmış və 701 saylı hərbi hissədə xidmət etmişdir. İbrahimov Xəqani Sultanəli oğlu Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində 13 may 1994-cü ildə yaralanmış, müalicə olunması üçün Ağdam hospitalına yerləşdirilsə də həkimlərin səyinə baxmayaraq 19 may 1994-cü ildə xəstəxanada vəfat etmişdir. 20 may 1994-cü ildə meyiti Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

    El-oba arasında şeir həvəskarı kimi tanınmışdı, adətən bütün tədbirlərdə yaxından iştirak edərdi. Atası vəfat etdiyindən ailənin yükü onun çiyinlərinə  düşümüşdü. Xəqani də alovlu vətənpərvər və yurdcanlı olduğunda 1991-ci ildə könüllü ordu sıralarında hərbi qulluğa başladı. Ağdərə uğrunda gedən döyüşlərdə öz cəsurluğu və qorxmazlığı ilə tanındı.
    O, Ağdam ətrafında gedən döyüşlərin birində həlak oldu. Qəhrəmanın ölümünü eşidəndə bacısı Mehri
    dözə bilməyib bayatını bayatıya caladı:

    Qardaşlar, ay qardaşlar,
    Qar kəsər, yağış başlar.
    Cənazəm əyri gedər,
    Yapışmasa qardaşlar.
    Bacının bacı dərdi,
    Yoxdu əlacım, dərdim.
    Keçdi şirin söhbətimiz,
    Qaldı bir acı dərdim.

    Dörd uşaq anası Mehri bir yanıqlı bayatı da dedi:

    Eləmi bu məni,
    Nə çağırır qu məni.
    Yaylığın kəfən eylə,
    Göz yaşında yu məni.
    Mehri qardaşı Xəqaninin ölümünə dözə bilməyib gözlərini əbədi yumdu.

    QARDAŞ İTKİSİNƏ BACI DA DÖZƏ BİLMƏDİ…

    İbrahimov Xəqani Sultanəli oğlu 1968-ci ildə Ulu Göyçənin dağlar qoynunda yerləşən bir guşəsində – Basarkeçərin Zərkənd kəndində dünyaya göz açmışdır. Sultanəlinin ailəsində 4 oğul və üç qız böyüyürdü. Xəqani son beşik idi. Məktəb direktoru Həbib müəllim həmişə valideynlərinə Xəqani haqqında razılıq edərdi. Xəqani saz, söz vurğunu idi. Mərhum şair İsmixan Məmmədovun, Haqverdi müəllimin hazırladıqları maraqlı tədbirlərdə həmişə iştirak edər, ürəkdən süzülüb gələn şeirləri çox həvəslə dinləyərdi. Yaz-yay aylarında gül-çiçəçəklərdən toplaya-toplaya ta Kəlbəcərə, İstisuya qədər gedib çıxardı. Qucaq-qucaq baldırğan, kığ, quzuqulağı yığardı, evə əlvan yamaclardan kiçik sovqatlarla qayıdardı. Tale elə gətirdi ki, Xəqaninin atası Sultanəli fani dünyadan vaxtsız köçdü. Ailə başsız, sahibsiz qaldı. Anaları Müğəddə saçlarının yarısını qara, yarısını ağ hörə-hörə bir təhər uşaqlarını böyüdüb, ərsəyə çatdırdı. Xəqani 1986-cı ildən Göyçə mahalından Arxangelski şəhərinə əsgəri xidmətə yollandı. Qayıdanda isə yeni yurda – Göyçədən qaçqın düşüb, Gəncədə məskunlaşan ailələrinin yanına qayıtdı. Çox keçmədən Familə adlı bir qızla ailə həyatı qurdu. Bir qızları adını Jalə qoydular.
    Xəqani Vətənin dar günündə dözə bilməyib 1992-ci ildə könüllü cəbhəyə yollandı. Ağdərədə gedən qanlı döyüşlərin iştirakçısı oldu. Sonra isə ailələrinə qayıdıb, bir müddət dinc həyat sürdü, 1994- cü ilin aprelində Xəqani yenidən döyüş bölgələrinə yollandı, May ayında isə Ağdam bölgəsində ağır yaralanıb, təcili Bakıya çatdırıldı. Lakin Ulu Göyçənin bu qeyrətli oğlunu ölümün pəncəsindən xilas etmək mümkün olmadı… Xəqani Gəncə şəhərində dəfn ediləndə bacısı Mehri orada yox idi, bu işdən xəbərsiz idi. Gəncəyə qardaşının ölümündən 5 gün sonra gəlib çıxdı. Başlarına qara bağlamış bacıları Sona və Sevdanı anası Müğəddəni, beli bükülən, ah-nalə çəkən qardaşı Söhbəddini və başqalarını görəndə bircə dəfə aman ay fələk deyib, yerə yıxıldı. Qardaş yoxluğuna dözə bilməyib, 34 yaşlı Mehri də dünyadan köçdü.

  • ƏLİBABA EYNULLA OĞLU İBRAHİMOV

    İbrahimov Əlibaba Eynulla oğlu – 1972-ci ildə Göyçənin Zərkənd kəndində dünyaya gəlib. 1988- ci il hadisələri zamanı ailəsi ilə birlikdə Kəlbəcər rayonunda məskunlaşıb. 1989-cu ildə Kəlbəcər rayonundakı 1№-li orta məktəbi bitirib. Moskva yaxınlığında hərbi xidmət keçib, sonra hərbi xidmətini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və Qarabağ müharibəsində iştirak edib. 1992-ci ilin yanvarında Gəncə Milis batlyonunda 3 ay təlim keçəndən sonra bölmə komandiri təyin olunub. Onun bölməsinə Ağdərə rayonunun Aterk kəndinə kömək etmək tapşırılıb. Hərbi əmrə tabe olan Əlibaba İbrahimov Aterkə gedən yolda bütün heyətlə mühasirəyə düşüb, özü də, döyüşçü dostları da həlak olublar.

    Əlibaba İbrahimov Bakı şəhərindəki Şəhidlər
    xiyabanında dəfn edilib.

  • GÖYÇƏNİN QARTAL OĞLU

    Azad Alı oğlu Abbasov 1968-ci ildə Basarkeçərin Zərkənd kəndində dünyaya göz açmışdır. O, kənd məktəbində təhsil aldığı dövrdə, nədənsə “Uzaq sahillərdə filminə baxmaqdan heç vaxt yorulmazdı. Hər dəfə Mehdinin almanlara vurduğu sarsıdıcı zərbələrə baxdıqca “Mixaylo”ya min əhsən deyərdi. Kim bilir, bəlkə elə o vaxtdan ürəyinə dammışdı ki, gələcəkdə o da Mehdi kimi bir qartala çevriləcək, heç vaxt düşmən qabağında  büdrəməyəcək, faşistdən qansız olan erməni daşnakları ilə savaşda canını qurban verəcəkdir.
    1988-ci ildə göyçəlilər öz ata-baba yurdlarını tərk edəndə ordu sıralarında idi. Ermənilərin birdənbirə azğınlaşması Azadın qəlbini didib parçalayırdı Ordudan tərxis olunduqdan sonra könüllü olaraq cəbhə bölgəsinə yollandı. Çox keçmədən Goranboyun 1-ci batalyonunda Azad cəsur, igid bir döyüşçü kimi tanındı, döyüş əməliyyatlarının yerinə yetirilməsində yaxından iştirak etdi. Hər dəfə erməni dığaları leş-leşə  söykənəndə Azadın alovlanan sinəsinə su çilənirdi. Göyçənin bu igid oğlu ölümündən qorxmurdu, ən çətin anda düşməni ürəyindən oxlayırdı. Azad Abbasov keçmiş Şaumyankənd uğrunda gedən ölüm-dirim savaşında rəşadətli döyüş yolu keçdi, hər qarış Vətən torpağı uğrunda qeyrətlə vuruşdu. Tale elə gətirdi ki, 1992-ci il iyulun 1-də Sərsəng su anbarı ətrafında gedən ağır döyüşlərdə Azad qəhrəmancasına həlak oldu. Zirvəsi görünməyən “Çalmalı” dağını, onun sinəsindəki buz və şərbət bulaqları xatırladı, sonra isə gözlərini əbədilik yumdu və fani dünyadan azadlıq aşiqi kimi köçdü.

    Həsən OCAQQULİYEV 

  • HƏBİB SƏMƏDOV

    Səmədov Həbib Yusif
    oğlu 1932-ci ildə Basarkeçər
    rayonunun Zərkənd kəndində anadan olmuşdur.Kənddə
    orta təhsil aldıqdan sonra
    Bakıda ali təhsil almışdır.
    Əmək fəaliyyətinə Zərkənd
    kənd orta məktəbində müəllimliklə başlamışdır. O sıravi
    müəllimlikdən məktəb direktoru kimi yüksək bir
    vəzifəyə ucalmışdır. Çox gözəl pedaqoq və təşkilatçı
    idi. Kənd orta məktəbində o işlədiyi dövrdə şagirdlərin
    təhsillənməsinə çox fikir verərdi. Kənd orta məktəbini
    bitirənlərin 90 faizdən çoxu ali məktəblərə qəbul olardılar. Demək olar ki, hal-hazırda respublikanın müxtəlif
    sahələrində çalışan təhsilli kadrların əksəriyyəti onun
    yetişdirmələridirlər. O, çox işgüzar və vəzifəsinə məsuliyyətlə yanaşan bir şəxs idi. 1988-ci ildə məlum
    hadisələrlə əlaqadar Bakı şəhərində məskunlaşdı və
    ordada pedaqoji fəaliyyətini davam etdirdi. Bakı şəhərində orta məktəblərdən birində müəllim işlədi. Sonralar
    çox təəssüf ki, səhhəti pisləşdi və bir neçə ildən sonra
    2011-ci ildə dünyasını dəyişdi.
    Yadda qalan xatirələr
    – 426 –
    HƏBİB MÜƏLLİM
    Mərifətdə tayın yoxdur dünyada,
    Təksən bu dünyada Həbibim mənim.
    Hal bilən, dərd qanan çoxdu dünyada,
    Bir dürsən dəryada, Həbibim mənim.
    Dillənən könülümün incə simidi,
    Hər sözün bizlərə türfə kimidi,
    Qəlbin dosta açıq, süfrə kimidi,
    Sir verməzsən yada, Həbibim mənim.
    Sən tək etibarlı hardadı harda?!
    İmdad diləyəni qoymazsan darda,
    Mərifətdən söhbət olan diyarda,
    Tez düşərsən yada, Həbibim mənim.
    Dost yolunda başı fəda edərsən,
    Laçın kimi düşmən bağrı didərsən.
    Simurqun tək lələk salıb gedərsən,
    Yetişərsən dada, Həbibim mənim.
    İsmixan müntəzir gəlsin karına,
    Başım armağandır ixtiyarına,
    Üzlərim payəndaz ayaqlarına,
    Layiqsən bu ada, Həbibim mənim.
    İsmixan Didərgin

  • Tacir Cəfərov

    Tacir Cəfərov

    Tacir Cəfərov 2001-ci il fevralın 9-da Goranboy rayonunun Qaraçinar kəndində anadan olub. Subay idi.
    Azərbaycan Ordusunun əsgəri olan Tacir Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Cəfərov oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

    Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

    Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

    Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

    Ailə tərkibi

    Ata: Cəfərov Fariz İdris oğlu
    Ana: Cəfərova Səadət Namaz qızı
    Qardaş: Cəfərov Nazir Fariz oğlu
    Bacı: Cəfərova Rufanə Fariz qızı
    Bacı: Cəfərova Təranə Fariz qızı
    Qardaş: Cəfərov İdris Fariz oğlu

    Haqqında deyilənlər

    Vətənpərvər, qorxmaz, cəsur insan idi.

  • Namiq Nəbiyev

    Namiq Nəbiyev

    Qızılcanın yayılmasının əsas səbəbi peyvəndlənmənin vaxtında aparılmamasıdır”.

    Bunu Qaynarinfo-ya infeksionist-həkim Namiq Nəbiyev son günlər qızılca xəstəliyinin daha çox yayılmasının səbəbləri haqqında danışarkən deyib.

    Həkim bildirib ki, 2019-2020-ci ildə koronavirus yayılan zaman insanları daha çox bu virusa qarşı peyvəndləyirdilər. Ona görə də qızılca, su çiçəyi, məxmərək və s. kimi yayılan xəstəliklərlə bağlı peyvəndlənmə prosesi arxa plana keçdi:

    “Həmin vaxt müsahibələrimin birində demişdim ki, 1997-1998-ci illərdə malyariya xəstəliyi çox yayılmışdı. Bu xəstəlik elə-belə yayılmadı, onun səbəbləri var. Müharibə gedirdi, insanlar itkin düşmüşdü, Şuşada, Daşaltıda kütləvi halda məzarlıqlar var idi. Meyitlər dərin məsafədə basdırılmayıb, baxırsan ki, çoxu çürüməyib. Bunların hər biri ölkədə malyariya xəstəliyinin yayılmasının səbəblərindən biri idi. Bu gün həmin hadisə göstərdi ki, peyvəndlənmə çox vacibdir və təcili həyata keçirilməlidir”.

    Namiq Nəbiyev 3-4 il bundan qabaq anadan olan uşaqlarda peyvəndlənmənin aparılmadığını qeyd edib:

    “Bəzi adamlar deyir ki, peyvəndlənmə nəyə lazımdır? Onlar yaddan çıxarır ki, bunlar dövlətlər arasında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi təlimat əsasında həyata keçirilir. Fərq eləmir, peyvəndi Hindistandan, yoxsa İtaliyadan alırlar. Bunların hər birinə ÜST cavabdehlik daşıyır. Peyvəndin haradan alınmasının məsələyə aidiyyatı yoxdur, əsas peyvəndin Azərbaycana çatmasıdır. Bu peyvəndin istehsalına ÜST birbaşa nəzarət  edir və peyvənd hansı ölkəyə getsə, orada onların daimi nümayəndəliyi var. Nümayəndə peyvəndlənmə ilə bağlı insanlara nəzarət edir”.